`Qayınatam Həccə getsə də, narkoman idi` – “Çaqqal dərəsi”ndə törədilən qətlin gizlinləri


22:32     04 Mart 2017 17124755_1467453909953962_538900830_n.jpg

Femida.az xəbər verir ki, ötən gün Şəki Ağı Cinayətlər Məhkəməsində İsmayıllı rayon sakini, 1987-ci il təvəllüdlü Rüstəmov Tural İman oğluna açılan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.


Hakim Xəqani Səmədovun sədrliyi ilə keçirilən prosesdə qayınatası Kərəmov Roman Novruz oğlunu qətlə yetirməkdə təqsirli bilinən T.Rüstəmovun ifadəsi dinlənilib.
O, 22 avqust tarixində baş verən hadisə zamanı qayınatasını qəsdən öldürmədiyini, özünü müdafiə etdiyini deyib.

“Avqustun 21-də qayınatam bizə qonaq gəlmişdi. Bazarlıq edib, evə getdim. Onunla görüşüb hal-əhval tutdum. Hiss edirdim ki, o mənə qarşı soyuq münasibət göstərir. Bir az keçəndən sonra qayınatam 4 yaşlı oğlumun üstünə qışdıraraq ona və mənim ünvanıma nalayiq ifadələr işlətdi. Mən bundan əsəbiləşib evi tərk etdim. İstəmədim evdə uşaqların yanında mübahisə olsun. Atamın evinə getdim ki, əsəblərim sakitləşsin. Mən zərgər işlədiyim üçün Bakıya qızıl göndərməliydim. Təxminən bir saatdan çox vaxt keçmişdi. Qayınatama zəng vurub ondan xahiş etdim ki, Bakıya gedəndə mənim qızıllarımı da özü ilə aparsın. O, yaşadığım binanın qarşısına gəldi. Qızılların mağazada olduğunu bildirdim. Xahiş etdim ki, qızılları mağazadan götürək. Sonra soruşdum ki, sən bayaq nə üçün mənim oğluma söyüş söydün, axı o sənin nəvəndir. Qonuşlar da şahiddirlər, o, mənə aqresiv cavab verərək maşına oturmağımı, söhbəti başqa yerdə davam etməyimizi dedi. Bu məqamda aramızda mübahisə düşdü. Qardaşım müdaxilə edərək bizi ayırdı. Sonra valideynlərim gəldilər. Evdə söhbət etdik. Aramızda problem qalmadı. Qayınatam evdən çıxanda mənimlə öpüşüb görüşdü.”.

T.Rüstəmov daha sonra ifadəsinə davam edib.

“Sabahı gün həmişəki qaydada işə getdim. 10 günlük qızıl sifarişi götürmüşdüm. Əlimdə iş görürdüm vaxt qayınatam mənə zəng vurdu. Telefonu açanda söyüşlə danışaraq mağazanın qabağında məni gözlədiyini, çölə çıxmağımı tələb etdi. Həmin an pəncərədən baxanda onun əlində bıçağın olduğunu gördüm. Hər ehtimala qarşı işlətdiyim yeyə alətini cibimə ataraq onu yanına getdim. Mənə dedi ki, maşına otur səninlə söhbətim var. Mən dəqiq bilmirdim ki, nəyə görə belə hərəkət edir. Maşına əyləşən kimi o, qapıları bağladı. Söyüş söydü ki, telefonu söndür. Mən də onu sakitləşdirmək üçün telefonu söndürdüm. Yolda hara getdiyimizi soruşdum. Mənə dedi ki, bu gün sənin həyatda sonuncu günündür, səni öldürməyə aparıram. Mən düz hərəkət eləmədiyini, geri qayıtmağımızı xahiş etdim. Xatırlatdım ki, sən mənim qayınatamsan, özü də Hacısan, dünən aramızda söhbət oldu ordada qaldı. Dava-dalaş lazım deyil. Nə qədər israr etsəm də o, məni İsmayıllının mərkəzindən 8-9 km aralı yerləşən “Çaqqal dərəsi” adlanan meşəyə apardı”.

T.Rüstəmov ilk dəfə getdiyi “Çaqqal dərəsi”nin vahiməli yer olduğunu sözünə əlavə edib.

“Mən maşından düşəndə dəhşətə gəldim. Filmlərdə belə vahiməli səhnələrinə rast gəlməmişəm. Roman Kərəmov maşından düşüb, bir-iki metr aralanmışdıq ki, gözləmədiyim anda mənə bıçaq zərbəsi atdı. Bu an sağ əlimi qabağa verdim ki, bıçaq boğazıma girməsin. Onun atdığı bıçaq əlimi kəsdi. Bundan sonra o yenə üstümə hücum çəkəndə cibimdən iş alətini çıxarıb onu vurdum. Yarası o qədər də ciddi deyildi. Mənim əlimdən dəhşətli qan axırdı. Dedim ki, gəl, təcili həkimə gedək, qanaxmadan ikimizdə öləcəyik. O, heç nə olmamış kimi məni yenə öldürəcəyini deyib üstünə qaçdı. Qayınatamın gözü dönmüşdü. Həyəcanlı olduğumdam qaça bilmədim. O, mənə çatanda əlindən tutdum ki, vurmasın. Daha sonra hər ikimiz yerə yıxıldıq. O fiziki cəhətdən məndən güclü olduğundan onun əlindən çıxa bilmirdim. Əlimdəki yeyə ilə onun bıçaq olan əlinə yüngül zərbələr vurdum ki, bəlkə bıçağı əlindən yerə atar. Amma o daha da qızışmışdı. Niyyəti ancaq məni öldürmək idi. Allaha yalvarırdım buradan sağ çıxım. Başqa yolum qalmamışdı. Ya mən ölməliydim, ya da o”.

Özündən 13 yaş böyük qayınatasını sağ qalması üçün öldürən kürəkən dərhal İsmayıllı rayon polis idarəsinə gedərək təslim olub.

Proses zamanı zərərkəşmiş şəxslər çıxış edib.

Yaxın qohumları mərhum Roman Kərimovun əsəbi olduğunu etiraf ediblər.


Məryəm Kərəmova həyat yoldaşının üstündə həmişə bıçaq gəzdirdiyini bildirib.
“Hadisə baş verən gün biz Bakıya getməliydik. Həyat yoldaşım məni qayınımla yola salaraq müştəri götürəcəyini dedi. Biz elə bildik ki, o müştəri götürüb Bakıya gələcək. Şamaxıda bizə xəbər gəldi ki, belə hadisə baş verib”.

Roman Kərəmov hansı məqsədlə kürəkənini “Çakkal dərəsi”nə aparıb sualına həyat yoldaşı bu haqda məlumatlı olmadığını söyləyib.

“Axşam söz-söhbət oldu. Sonra öz aramızda həll elədik. Yoldaşım kürəkəni ilə gülə-gülə sağollaşdı. Sabahı gün nə üçün Turalı ora apardığını bilmirəm”.
Müttəhim daha sonra hakimdən çıxış üçün söz istəyib. O, qayınatasının narkotik aludəçisi olduğunu, dəfələrlə öz ailəsində münaqişə yaşadığını deyib.

“Mənim indiyə kimi bir adamla problemin olmayıb. 16 yaşımdam işləyib, pul qazanmışam. Ailəmlə 5 ay idi ki, yeni evə köçmüşdük. Qayınatam içki aulədiçisi olduğundan qohumları onu bir neçə il əvvəl Həcc ziyarətinə göndərmişdilər. Elə bilirdilər ki, o, Həcə gedəndən sonra düzələcək. Bütün İsmayıllı bilir ki, qayınatam narkoman olub. O, öz arvadına ağıla sığmaz işgəncələr verib. Dəfələrlə polisə düşüb, 4 dəfə arvadı ondan boşanmaq üçün məhkəməyə müraciət edib. Qohumları da şahiddirlər ki, o keçən il öz qayınatasının yaşadığı evə basqın edib, güllə atmışdı. Onları mənim atam barışdırdı.
Yoldaşımla aramda problem olan kimi məni ölümlə hədələyirdi. Qohumlarına neçə dəfə demişəm ki, onu məndən uzaq edin.

Mən zərərçəkmiş tərəfə sual vermək istəyirəm ki, harada görünüb qayınata, özü də Həcci adam, öz qızının ərini öldürməyə aparsın. Mən ona yol boyu xahiş etdim ki, mənim iki balam var. O, vecinə də almadı. Bu gün mənim balalarım didərgin düşüblər, onların harada olmasından xəbərim yoxdur”.

Sonra T.Rüstəmov təslim olaraq dövlətə güvəndiyini, məhkəmənin onun barəsində ədalətli qərar çıxaracağına inanığını deyib.

Növbəti məhkəmə prosesi mart ayının 16-a təyin edilib.
Qeyd edək ki, hadisə 2016-cı ilin 22 avqust tarixində İsmayıllı rayonunda baş verib. 29 yaşlı Tural Rüstəmov 120.1 maddəsi ilə (qəsdən adam öldürmə) ilə ittiham olunur.

Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 13022


Oxşar xəbərlər